"Zeklərdən biri acından məhbusu yemişdi" - "Oğru Cəbrayıl"ın dəhşətli məhbəs həyatı




      Bölmə: Hadisə Tarix: 13.10.2023 / 21:12

1947-ci ildə 16 yaşlı Cəbrayıl acından ağlaşan bacı-qardaşlarını sakitləşdirmək üçün bir kisə un oğurlayarkən yaxalanır. "Podelnik"i "Ded" Ağakərim ondan iki yaş böyük idi. Və onların hər ikisinə 16 il həbs cəzası verilir. Onlardan birini Mingəçevirdəki "Detkalon"a, digərini isə birbaşa Kolımaya – Vorkutaya göndərirlər...

Bir müddət sonra təkrar məhkəmə olur və "podelnik" Ağakərimin anasının yalvarış və xahişinə görə Cəbrayıl bütün günahları öz boynuna götürür...

"Podelnik" məhkəməyə cırıq, pambıqları həmin cırıqlardan pırtlayıb çıxan vatnikdə, taykeş çəkmələrdə və bağı olmadığıdan qulaqları sallanan papaqda gəlmişdi. Təkrar məhkəmə Cəbrayıl haqda qərarı qüvvədə saxlayır və onu birbaşa Keşlədəki paylama məntəqəsinə göndərirlər.

Böyük qardaşı Valeh onu iki dəfə Mingəçevirdə uşaq koloniyasında oturarkən yoluxmağa gəlmişdi. İkinci görüşə gələndə anasını və Cəbrayılın “Porsuq” adlandırdığı lap balaca qardaşını da gətirmişdi.
Hələ yenicə "Taqanroq" papirosunun tüstüsünün acısına öyrəşməyə çalışan uşaq birdən-birə KarLAQa düşür...
Cəbrayılın dediklərindən:

- 1949-cu ildə KarLAQ-ın paylama məntəqəsinə dörd min beş yüz nəfər məhbus hara isə göndərilmək üçün toplanmışdı. Bizi də barakların birinə gətirdilər. Bayırda 40 dərəcədən yuxan şaxta vardı... Külək yalquzaq kimi ulayır, güclü qar yağırdı...

Barakımız dörd yaruslu naralarla hər iki tərəfdən divar boyu uzansa da, oturmağa yer yox idi. Uzanıb yatmaq barədə söhbət ola bilməzdi... Vaxtaşırı üç-üç, beş-beş gətirilən məhbusları əvvəlcə içəri itələyirdilər. Az bir müddətdən sonra ortalıqdakı sahə də doldu. Axşama yaxın gətirdikləri dustaqları birtəhər baraklara yerləşdirmək üçün nəzarətçilər çəkmələrinin dabanlarını onların yumşaq yerinə dirəyərək ayaq üstə dayanmış digərlərinin arasına soxurdular. Naraların mərtəbələri arasındakı məsafə 80-85 sm olardı... Oturmaq çox narahat olsa da, özünə orada yer edənlər üzlərində razılıq hissi ilə mürgüləyirdilər. Bayırda qırx dərəcədən çox şaxta olmasına baxmayaraq, naranın yuxarı mərtəbəsində oturmuş dustaqlar bütün paltarlarını soyunmuşdular.

Mən ayaq üstə dayananların içində idim. Yanımda durmuş iki nəfər astadan söhbət edir, əvvəllər olduqları paylama məntəqəsindən danışırdılar. Belə zənn elədim ki, pıçıldaşanlar “faşist”lər idi.

– Nə gopa basırsan ey, qırx altıda İvanovsk paylama məntəqəsində də belə idi. Mən birbaşa "buxta Vanino"dan gəlirəm... Bilirsən nə qədər dustaq var? Hələ ən böyük zonu, üçüncünü demirəm. Deyilənə görə, orada minlərlə zek hara isə göndəriləcəyini aylarla gözləyir, – deyə, üçüncü söhbətə qoşulur.

– Yox, uşaqlar, heç bura paylama məntəqəsi deyil. Paylama məntəqəsi Kirovskdakıdır! Gün ərzində yarım kilo çörək, bir stəkan su verirlər... İ basta... Onun sözünü ağzında yarımçıq qoyan dördüncü danışmağa başlayır, – Amma Kotlasda?.. Oy, oy, oy!!! Deməyə söz tapmıram...

Onlar danışdıqca mən dəhşətlə fikirləşirdim ki, görəsən, tale məni hansı "cəhənnəm"ə atacaq? Görəsən, nə vaxtsa bu iztirabların sonu olacaqmı?

– Altı ay bundan əvvəl mən “Krasnoyarsk Reşotıy"da idim. Oradakı peresılkalar bütünlüklə özbəklər, koreyalılar, türkmənlərlə dolu idi. Bir sözlə, qıyıqgözlər. Baş idarədən bir general gəlib deyib ki, "ölürsünüz və bundan sonra da öləcəksiniz. Nə qədər ki, özünüzü yaxşı aparmağı, işləməyi öyrəşməmisiniz belə də olacaq", – deyə bir başqası danışmağa başlayır.

Lakin onun sözü yarımçıq qaldı. Hamı üzünü səs-küylə açılan qapıya tərəf çevirdi. Hamının da ürəyindən yəqin ki, bu fikir keçirdi: "bəlkə yemək gətiriblər". Axı, dünən də heç nə verməyiblər.

– Yatab getmək üçün hazırlaşın! – sıraya düzülmüş konvoylardan biri qışqırdı, sonra isə əsəbi halda yerə tüpürdü:
– Tfu, nə pis iy gəlir!.. Hamı bir nəfər kimi çıxsın! Qaça-qaça çıxın! Qaçın! – deyə, konvoylar qışqırır, söyür, hay-küy salırdılar...
– Birbaşa "opravka"ya (ayaqyoluna).. Beqom, ya skazal! Beqom! Qaçın!

Hər şeydə tələsiklik, hər yerdə natəmizlik... Həmişə təhqir, hər an söyüş... Konvoyların yanından ötəndə mütləq avtomat qundağı ilə "pinok" almalı idin. Eynilə sonralar kinofilmlərdə baxdığımız faşist konslagerlərinin metodu ilə islah edirdilər bizi... Haray.. Fit səsi... İt hürüşü! "Pinok"!

İki həftəyəcən KarLAQ paylama məntəqəsində adam əlindən tərpənmək mümkün olmayan barakda oturub, gündə iki dəfə - əvvəl "opravka"ya, oradan isə yeməkxanaya qovulurduq. Mən yeməkxana deyəndə özümün də gülməyim gəlir. Sıradan on nəfər çağırırdılar, təxminən beş litrlik taslara balanda, onun üstündən də bir "çerpak" sıyıq töküb verirdilər əllərə...

Bəzilərinin alüminium qaşığı vardı... Bəziləri isə əlləri ilə yeməyə girişirdilər. İki həftə sonra yenə komanda eşitdik:

– Çıxın, yatab gedirsiniz!

YATAB

Bizi bərbərxanaya gətirdilər... Hamının başını qırxdılar və hamamın qapısı qarşısına düzüldük... Deməli, etap olunurduq, çoxları kimi, mən də sevinirdim... buradakı əziyyətdən, dəhşətdən, natəmizlikdən cana doymuşdum. Elə hamamdaca öyrəndim ki, əgər bizi porta aparsalar, deməli, adalardan birinə, dəmiryolu stansiyasına tərəf qovsalar, "materik"ə göndərəcəklər.

– Materikə gedirik, – deyə "Çuma" əllərini ovuşdurdu və yanımdan aralanaraq yavaş-yavaş dəstənin birinci cərgələrinə doğru irəliləməyə başladı... Birincilər sırasında "vaqon-zak”a, "Stolıpm"ə qalxmağa onun da haqqı vardı. "Sxodka"larda sözü keçən oğru sayılırdı. KarLAQda olduğum vaxt ərzində üç dəfə "sxodka" keçirmişdilər.
"Sın Polka" "Stolıpin"ə dördüncü adam kimi qalxdı... Konvoylar birinci əlli nəfərin vaqonlara qalxmasını səbrlə seyr etdilər, sonra "Tez olun!", Tez olun!" deyərək, tələskənlik yaratmağa başladılar. Birinci "əllilik" əsl "oğru"lar idi...

"Vaqon-zak" yerindən tərpənəndə bizim kupedə on iki nəfər vardı. Çoxlarınız qatarla gedib və bilməmiş deyilsiniz ki, bir kupedə dörd nəfər gedə bilər. Yaxşı, qoy olsun altı, olsun yeddi, səkkiz. On iki nəfər həqiqətən çox idi.

“Faşist”lərdən bir-ikisini bizim kupeyə basmışdılar... Onlardan biri iki-üç saatlıq tam sakitlikdən sonra sükutu pozdu:

– İnqilabın təzə-təzə alovlandığı vaxt Vladimir İliç Sibirə sürgün edilibmiş. "Volnik"lərlə eyni, lakin üçüncü dərəcəli vaqonda gedən Lenin yol bələdçilərindən kimi görürsə, əl-qolunu ataraq qışqırırmış ki, "dözülməz dərəcədə sıxlıqdır". Onun bu söylədikləri həqiqətən də bizim hamımıza uyğun lətifə idi. Lakin biz Lenindən fərqli olaraq nə haraya getdiyimizi, nə də neçə gün yol gedəcəyimizi bilmədiyimizdən sakitcə oturmuşduq. Qatar isə haraya isə məchulluğa doğru şığıyırdı.

Gündüzlər "vaqon-zakı" dar dalana soxurdular. Saatlarla hər iki tərəfi yük vaqonları ilə kəsilmiş dalanda gecənin düşməsini gözləyir, gündə iki dəfə yeməyimizi yeyir, iki dəfə isə "opravka"ya buraxılırdıq. Nə idi yeməyimiz? Tam bişməmiş, palçıq kimi çörək, yarım parça duzlu balıq və iki krujka su... Səhərlər hərdən çay da verirdilər. Bir gün çörək payımızı lap azaltdılar. "58-lər"dən biri narazılığını bildirərək konvoyların rəisi ilə görüşmək istədiyini söylədi. Az sonra kapitan çinində birisi dəmir barmaqlıqların önündə dayanaraq:

– Kim idi məni görmək istəyən? – dedi.
– Yoldaş rəis! Bu çörək neçə qram olar? – deyə, "58" soruşdu.
– Ey, murdar, alçaq, mən sənə yoldaş deyiləm! Sizə verilən çörək də nə qədər verilməlidirsə, elə o qədərdir!
– Tələb edirəm, yenidən çəkin, – deyə, sabiq general çörəyi yerə çırpmaq istəyirmiş kimi hirslə qolaylandı.
- Ay, sənin...! Alçaq, qiyam təşkil etmək istəyirsən? Bir bu vətən xaininə baxın, buna dəqiqlik lazımdır. Amma mənə elə gəlir ki, sənin özünü asmaq lazımdır. Deməli, Sovet İttifaqı xoşuna gəlmir, hə?.. Alçaq!

"Faşist" general başını aşağı dikib dayanmışdı, dodaqları, əlləri əsirdi... Kapitan qalib görkəmi ilə uzaqlaşandan sonra general ulduzu çıxarılmış qıvrım tüklü hərbi papağını üzünə sıxaraq, ağladı.

... 1951-ci ilin yayında evə, anama iki min manat göndərdim. Son dəfə aldığım məktubda kiçik qardaşımın xəstələnərək dünyadan getdiyi haqda yazmışdılar. Bilirdim ki, vəziyyətləri çox çətindir. Qardaşım Valehi də tutmuşdular. Dostum, xanımın oğlu Şəmsi yazmışdı ki, Valeh kimi isə bıçaqlayıb. Son üç ayda barakdan bayıra çıxmır, işə getmirdim. “Polyak”lardan kim isə "stukaç"lıq eləmişdi deyə, növbəti yatabda məni də o vaxtlar ittifaqın ən böyük "komsomol tikintisi" sayılan cəhənnəmə - “Belomor-Kanal”a gedənlərin cərgəsinə qoşdular.

...Beləliklə, "srok"umun yeddi aya yaxınını “Belomor-kanal”da keçirdim və bir gün “polyak”ların (“vor zakonlar”ın hökumət tərəfə keçənləri) satqınlığından sonra bizi peresılkaya gətirdilər. Adətən, buradan hara göndəriləcəyini bilmirsən. Amma bu dəfə bizə elan etdilər: "Volqa-Don"a gedirsiniz”. Yatab olunanların əksəriyyəti oğrular idi. Biz "Cəhənnəm qapısının kandarı"ndan uzaqlaşdırılaraq, nisbətən münbit torpağa atıldıq. Amma "ilanın ağına da lənət, qarasına da"...

Volqa-Don zonları da elə "Belomor-kanal" düşərgəsinin tayı idi. Yemək məsələsi burada şimaldakından daha çətindi. Hər səhər sıraya, kolonnalara düzərək, şruflarda işləməyə aparırdılar. Burada da "betonomeşalka"lar, "şlüz"lər hər gün onlarla məhbusu əbədi qoynuna alırdı. Axşam yoxlamasında onlarla məhbus adı çəkilərkən hay vermirdi və səhəri gün həmin ad silinirdi siyahıdan...

Barakımızda üç min məhbus otururdu. İy-qoxudan baş çatlayırdı. Axşama kimi su keçirən "kirzovıy" çəkmələrdə islanmış, yaxud haradasa isti yerdə dayanmaqdan "valenka"nın içində tərləmiş "portyanka"nın iyi, bir də duzlu balıqla yarıbişmiş 300-500 qram çörəyi yaxşı həzm etməyən mədə qıcqırtısından yaranan qaz... Adam girmək istəmirdi baraka. Altı mərtəbəli naraların yuxarı qatlarında yatanların güzəranı daha pis idi. Bayırda 30-40 dərəcə şaxta olanda belə, çoxları beş, altıncı mərtəbədə çılpaqlaşaraq yatırdı.

Çoxları heç olmazsa bir neçə gün cəhənnəm əzablı günlərdən canını qurtarmaq üçün duzlu su düzəldirdi. Duzlu suyu ardıcıl içərək böyrəklərini sıradan çıxarır, "kiçik bayıra" gedə bilməyərək inək kimi böyürürdülər... Mükafat olaraq bir həftə, on gün xəstəxana çarpayısında uzanır, çoxdan görmədikləri ağ xalatlı tibb bacılarının necə gəlib, nə cür getdiklərinə tamaşa edirdilər.

Məhbusların elələri vardı ki, zəiflikdən naranın ikinci mərtəbəsinə qalxa bitmirdilər. Nəhayət, kim isə onun yanbızından tutub qaldıraraq uzanmağına kömək edirdi. Səhər növbətçi "Qalxın!” komandasından sonra həmin naraya yaxınlaşır, "Qalx, əclaf!",- qışqıraraq yanından ötür, tərpənmədiyini görüb, ayağından tutaraq dartırdı. Tarap-p-p! – ağac kimi quru, arıq, yüngül bədən ikinci mərtəbədən aşaraq, yerə dəyirdi. Yoxlayıcı nəzarətçi də yaxınlaşaraq bir təpik ilişdirir, “podox, podlo!" deyərək, bir qədər aralıdakı cəsədə doğru irəliləyirdi.

Hara baxırdın, sönük gözlərini üzünə zilləyərək, nə isə uman, həyata biganə sifətlərlə qarşılaşırdın. Bir də görürdün, yanında oturanlardan biri suyu daman çörəyi dişləmək üçün də çətinlik çəkir. Dişləyəndən sonra isə baxırsan ki, dişlərindən qan peyda oldu. Deməli, sinqa xəstəliyi var... Tərpənən dişləri, don vurub çürüyən damaqlari ilə gəmirirdilər, sorurdular çörəyi, duzlu balığı və onun sür-sümüyünü.

Bəziləri yanında otururdu... çıxarırdı "valenka"larını, başlayırdı barmaqlarının arasını qaşımağa, bəziləri isə iri şam şişkalarlı ilə arası dolmuş ayaq barmaqlarının üstünü ovuşdururdu. Dərisi əlində qalırdı. O, ağlayır, sızlayır, özünü döyürdü... Belə zekləri, inanın ki, ölüm də qorxutmurdu.

Bəzilərini ölümqabağı "ponos" tuturdu. Bütün bədənini xırda, irinli yaralar basırdı. Həmin şəxs 100 faiz əmin idi ki, öləcək. Çünki onun gözləri qarşısında bu cür dünyasını dəyişənlər çox olurdu. Belələrinə heç kəs toxunmur, onları xəstəxanaya, tibb məntəqəsinə də götürmürdülər. Onlar hətta məhbəs yoldaşlarından da qaçırdılar, çünki özünü saxlaya bilmədiyi üçün maye onun paltarını, çəkmə, yaxud "valenka"larının içərisini doldururdu.

Belə xəstələrin çoxu daha tez ölmək, əzablarına daha tez son qoymaq üçün şaxtalı günlərdə "valenka"sının içinə su tökürdü. Bundan sonra qanqrena başlayırdı, ardınca çoxdan arzuladıqları Ölüm.

Altı ay saxlayıblar məni Volqa-Donda... Onun da iki ay yarımı - 75 sutkasını karserdə. İndi sizə söyləyim ki, orada məhbusları nəyə görə karserə salırdılar? Bunun bircə cavabı var: hər şeyə görə! Hansısa hərəkətinlə rəisin xoşuna gəlmədinsə, vaxtında durmadın, oturmadınsa, səni "dincəlməyə" göndərirdilər. "Otkaznik"ləri isə on beş günlük soxurdular karserə.

Karser necə idi? Soyuq, qaranlıq, rütubətli. Ən pisi isə o idi ki, ac saxlayırdılar səni. 300 qram çörək və duz. Bəli, duz! Səpirdin çörəyin üstünə, yeyirdin...

Həbsdə olduğu müddətdə məhbusların çoxu bədənlərinə "nakolka" döydürürdülər. Mənim də sağ çiynimdə “Aypara” tatusu var idi. Bir gün düşərgəmizin rəisi podpolkovnik Vəliyev gördü "nakolka"nı və it kimi hürməyə başladı:
– Bu nədir, sən türksən? – barmağını “Aypara”ya tuşlayaraq soruşdu.
– Mən azərbaycanlıyam! – dedim.

Nə qədər xahiş elədim, yalvardım, bir şey alınmadı, saldılar məni ŞİZO-ya. O vaxtlar karserə düşənlərin əksəriyyəti canını tapşırırdı. Çox vaxt yaddan çıxarıb heç 300 qram çörək də vermirdilər.
Bir təhər on beş günü başa vurdum. Sonra təzədən bir o qədər də əlavə etdilər, sonra bir də, bir də... bir də! Düz 75 gün karserdə oturdum. Son günlərimi az qalırdı canıma qəsd edəm, amma yenə "lənət sənə kor şeytan!" deyir, özünətəlqin ilə isinir, aclığımı dəf edirdim.

Oradan çıxanda gəzməyə halım qalmamışdı. İki gün oğrular qulluq elədilər mənə. Bədənim keyimişdi, ayaqlarım şişmişdi. Hələ indi də həmin günlərin ağrıları özünü büruzə verir, şişir ayaqlarım, dəhşətli giziltilər baş qaldırır baldırlarımda.

Düşərgədə Azərbaycandan da uşaqlar var idi. Digahlı Mirzə iki dəfə pay-püşlə görməyə gəlmişdi məni. Belə çətin anda mənim bir dəfə ona etdiyim yaxşılığın əvəzini verməyə çalışması qəlbimi kövrəltdi, ilk dəfə olaraq yumruqlarımı gözlərimə sıxaraq ağladım.

İki gün sonra eşitdim ki, iki nəfər barakımızdan qaçıb... Axtaran olmadı onları. 30-40 dərəcə şaxtada uzağa gedə bilməzdilər... Bir həftə sonra biri yenidən qayıtdı düşərgəyə. Hamı danışırdı ki, qayıdıb gələn qayıtmayanı elə meşədəcə baltalayıb öldürüb, sonra isə onun yeyilə bilən hissələri ilə qidalanaraq, yeddi gün yaşayıb. Lakin yoldaşını soruşanda əsl həqiqəti danırdı, bildirirdi ki, onunla elə ikinci gün ayrılıblar.

(Ardı var)





SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq