“Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istifadə üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri azaldılır. Bu “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Qeyd edim ki, əvəllər bu məsələdə ədalətsizliyə yol verilmişdi. Şəxsi istehlak üçün gətirilən mobil telefonlarla sahibkarlıq fəaliyyəti üçün gətirilən mobil telefonlara təyin edilən dövlət rüsumunun miqdarı eyni idi. Ancaq belə olmamalıdır, bunlar bir-birindən fərqlənməlidir. Bu vəziyyət də sahibkarlar tərəfindən qiymətlərin şişirdilməsinə gətirib çıxarırdı. Nəticədə zərər vətəndaşa dəyirdi”.
Bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib.


O qeyd edib ki, sahibkarlar, mobil telefon satışı mərkəzləri alıcıların əlacsızlığından istifadə edib qiymətləri qaldırırdılar. Dəyişiklik ona görə müsbətdir ki, artıq arada fərq olacaq. Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil telefona görə daha az rüsum ödənəcək.
İqtisadçı əlavə edib ki, dövlət tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mallara dövlət rüsumu ona görə təyin edilir ki, pul kütləsinin, valyutanın ölkədən çıxışı kompensasiya edilsin.
Ekspertin dediyinə görə, Azərbaycan nə mobil telefon, nə də məişət texnikası istehsal etmir. Yaxın gələcək üçün belə bir perspektiv də görünmür. Vətəndaş məcburdur ki, bu malları xarici ölkələrdən gətirsin. Amma məsələ həm də bundadır ki, dövlət daxili istehsalın genişlənməsi üçün nəzərdə tutulan mallara görə rüsum tutmur:
“Kənd təsərrüfatı, əkinçilik, quşçuluq və bir sıra istehsal sahələri var ki, orada istifadə olunacaq avadanlığa, müxtəlif materiallara görə vergi, rüsum yoxdur. Burada məqsəd daxili istehsalı stimullaşdırmaq, inkişaf etdirməkdir. Bir sözlə, istehlak mallarına dövlət rüsumu təyin edilir, amma istehsal mallarına edilmir".|bakupost.az|