Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
Pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub. Digər dizayn elementləri və texniki parametrləri isə hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Maraqlıdır, 5 qəpiklik metal pulların yeni nominalının buraxılmasına ümumiyyətlə zərurət var idi?
Valyuta.az-a açıqlama verən maliyyə-bank eksperti Əkrəm Həsənovun fikrincə, 5 qəpiklik metal pulların yeni nominalının buraxılmasına ehtiyac yox idi:
“Bu addımın nə məqsədlə atıldığını şəxsən başa düşmürəm. Hazırda dövriyyədə xırda qəpiklərin çatışmamazlığı ümumiyyətlə hiss olunmur. Əksər insanlar marketlərdə alver zamanı hətta 5 qəpiklik qalığı belə geri götürmür. Ölkədə əksinə, 1, 5, 10, hətta bəzən 20 manatlıq əskinaslar çatışmır. Ona görə də indiki halda ölkədə kiçik əskinaslara daha çox ehtiyac var, nəinki 5 qəpiklik xırda metal pullara. 5 qəpiklik pullara ehtiyacın olduğunu hiss etmirəm”.