Dünən Premyer Liqanın 7-ci turunda keçirilən “Qəbələ” - “Qarabağ” oyununda (1:2) gərgin anlar yaşandı.
89-cu dəqiqədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçın baş hakimi Elçin Məsiyevin qərarına əsəbiləşdi və ona etiraz etdi.
Bu hərəkətinə görə o, ikinci sarı vərəqəni görərək, texniki zonadan kənarlaşdırıldı.
Təcrübəli mütəxəssisi özündən çıxaran hadisə komandasının hücumu zamanı referinin epizodu yarımçıq saxlaması, cərimə zərbəsi təyin etməsi idi.
Məsiyev dördüncü hakim Kamran Əliyevin çağırışı ilə texniki zonaya yaxınlaşdı və Qurbanovu tribunaya göndərdi.
Ağdamlıların çalışdırıcısının oyundan sonra mətbuat konfransında haqqında danışdığı Əliyevin əslində kim olmasını bilirsiz?
Dünən hakimlər briqadasında yer alan bu şəxs «Qarabağ»ın elə öz «şinelindən çıxıb». Kamran «köhlən atlılar»ın akademiyasında futbolun sirlərini öyrənib, aşağı yaş qrupları üzrə komandaların formasını geyinib.
Perspektivi olmadığı üçün bundan irəli gedə bilməyib və müxtəlif klublara yön alıb. Gəl ki, onların heç birində möhkəmlənə bilməyib.
Onun atası hazırda da «Qarabağ»da çalışır. Atasını day tanımayan yoxdur.
Bəli, Kamran Əliyev uzun illər «Qarabağ»ın kapitanlıq sarğısını daşımış, indi isə aşağı yaş qrupları üzrə komandaları koordinasiya edən Səttar Əliyevin oğludur.