Azərbaycanın 2024-cü il dövlət büdcəsinin ilkin konturları açıqlanıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, hökumət neftin bir barelinin orta illik ixrac qiymətini 2024-2027-ci illər üçün 60 ABŞ dollarından hesablamaqla növbəti 4 illik müddət üçün ölkədə mümkün iqtisadi artımı proqnozlaşdırıb. Maliyyə Nazirliyi 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair verilən məlumatdan məlum olur ki, ilkin proqnozlara əsasən, gələn il dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon, xərcləri isə 36 milyard 355 milyon manat olacaq.
Eyni zamanda bütün bunlar nəticəsində 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılıb və büdcə gəlirləri 3.1 mlrd. manat və ya 10.1%, büdcə xərcləri isə 3.3 mlrd. manat və ya 9.8% artıb.
Bəs dövlət büdcəsinin artan tempdə davam etməsi maaş və pensiyala necə təsir edəcək?
İqtisadçı ekspert Xalid Kərimli Referans.az-a açıqlamasında bildirib ki, büdcə artsa da, artmasa da pensiyaların qəbul edilmiş indeksasiya qaydası var:
“Bu qaydaya əsasən, həm büdcədən pensiya alanlar mütəmadi olaraq orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq pensiyalar artırılır. Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarına, 7 ay ərzində muzdla işləyənlərin aylıq əməkhaqı 11,3 faiz artıb. Bu rəqəmi güman etsək ki, ilin axırına qədər belə olacaq, bu o deməkdir ki, qanun tələb edir ki, pensiya alanların hamısının pensiyası 11,3 faiz artırılsın”.
İqtisadçı bildirib ki, pensiya kabitalı isə ölkədəki inflyasiyanın səviyyəsinə uyğun indeksasiya edilir. Onun sözlərinə görə, Azərbaycandakı inflyasiyaya uyğun indeksasiya rəqəmi 11,7 faizdir: “Bu o deməkdir ki, bizdə işləyənlərin proses gedişatında topladığı pensiya kapitalı növbəti ilin əvvəlində pensiya kapitalları inflyasiya rəqəminə uyğun indeksasiya edəcək. Hazırda bu rəqəm 11,7 faizdir. Pensiyaçıların pensiyası isə orta aylıq əməkhaqının artım faizinə görə artırılacaq. Yanvar və iyul aylarına görə, 11,3 faiz idi və buna görə də artırılacaq”.
Xalid Kərimli əlavə edib ki, digər sosial təminatlar, minimum əməkhaqqı və sosial müavinətlər president fərmanı ilə tənzimlənir. Bu məsələ Milli Məclisdə müzakirə olunacaq və onların tövsiyələri nəzərə alınacaq.
Məsələ ilə bağlı danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Referans.az-a bildirib ki, pensiya və social müavinətlər məsələsi yaxın zamanlarda yenidən Milli Məclisdə müzakirə olunacaq:
“Büdcə layihəsi hələ Milli Məclisə daxil olmayıb, müzakirə prosesindədir. Hökumətə daxil olacaq, daha sonra president baxacaq və sonda bizə gələcək. Ümumiyyətlə, büdcə müzakirə olunanda prioritet sahələr var ki, onlara daha çox önəm vermək lazımdır. 2023-cü ilin dövlət büdcəsində prioritet sahə olaraq Azərbaycanın təhlükəsizliyi və müdafiəsi, o cümlədən social sahələr, yəni pensiyalar, əməkhaqları, müvainətlər, şəhid ailələri və qazilərlə bağlı məsələlərdir. Bunlar prioritet sahələr sayılır”.
Deputat qeyd edib ki, hazırda ölkənin qarşısında duran ən önəmli sahə Qarabağda yeni layihələrin yaradılması, evlərin tikilməsi və insanların köçürülməsidir. Onun sözlərinə görə, əlavə xüsusi plan dövlət başçısı tərəfindən təsdiq edilib ki, 2026-cı ilə qədər təsdiq olunmalıdır.
Vahid Əhmədov əlavə edib ki, hər nə olursa olsun, ölkədə sosial məsələlər əsas diqqət yetirilən mövzulardan biridir. İstər dövlət başçısı cənab İlham Əliyev , istərsədə mən və digər deputat həmkarlarım hər zaman pensiya, əməkhaqları və ümumi ölkədəki sosial məsələlərə önəm verib onların artırılmasına nail olmuşuq. Bu il də dövlət büdcəsi müzakirə olunarkan ən vacib mövzulardan biri də həmin məsələlər olacaq. Milli Məclisin plenar iclasında bir daha pensiya, müavinət, sosial yardımlar və digər sosial sahələrdə müsbət yönümlü təkliflər səsləndiriləcək – deyə Vahid Əhmədov qeyd edib.