Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirib. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Bəs məkan olaraq nəyə görə məhz Yevlax ərazisinə qərar verilib? Bu barədə sosial şəbəkələrdə vətəndaşlar tərəfindən bir çox versiyalar irəli sürülüb.
Milli Məclisin deputatı Arzu Nağıyev mövzu ilə bağlı referans.az-a danışıb.
“Ümumiyyətlə, Qarabağ icmasının üzvləri ilə bir dəfə görüş keçirilib. Dəfələrlə onlara görüşlə bağlı təkliflər olub. Lakin bəzi vaxtlarda onlar beynəlxalq statuslu görüşlər keçirmək təklifi ilə çıxış ediblər, bu da baş tuta biləcək məsələ deyil, çünki Qarabağın erməni icması ilə Azərbaycan arasında görüş keçirilməsi daxili məsələdir. Qarabağa ən yaxın məsafə təşkil etdiyinə görə və ən təhlükəsizliyinə təminat verilə biləcək ərazilərdən biri də Yevlax rayonu olduğuna görə belə qərar verilib. Buna görə də ağ bayraq – yəni təslim bayrağı qaldırıldıqdan sonra Azərbaycanın bir hissəsi, icma kimi görüşlərin Yevlaxda keçirilməsi məqsədəuyğun hesab olunub. Burada siyasi bir motiv yoxdur, Azərbaycanın hər bir bölgəsində bu görüş keçirilə bilər. Hər bir bölgəmizdə təhlükəsizliyə tam şəkildə təminat verilir. Buna ermənilər şübhə ilə yanaşa bilər, çünki bu onların xislətlərində var”.
Politoloq Əziz Əlibəyli isə açıqlamasında bildirib ki, Yevlax rayonunun məkan olaraq seçilməsinin birinci və əsas səbəbi bu rayonun Azərbaycanın mərkəzində yerləşməsidir.
“Əgər Azərbaycan xəritəsini gözümüzün önünə gətirsək, bu bölgənin mərkəzi Aran zonasına doğru bir bölgə olduğunu görərik. “Ölkənin mərkəzi” ifadəsi hər zaman ölkənin gücünü simvolizə edir. İkinci səbəb Yevlax bölgəsinin Qarabağ bölgəsinə daha yaxındır və bu yaxınlıq eyni zamanda həmin bölgəni kurasiya etmək kimi başa düşülməlidir. Bu bir niyyətdir ki, Qarabağ adı üzərində davam edən konfliktoloji baxış, iddia, savaşlar, qan-qada, bütün bu mənfi keçmişə malik olan prosesləri özündə ehtiva edən o düşüncəni Azərbaycan elə orada da saxlamağa üstünlük verir, yeni Yevlax səhifəsini açır. Yevlax səhifəsində separatizm, qondarma rejim, revanşistlər, cinayətkarlar yoxdur, sadəcə o bölgədə yaşayan Azərbaycan vətəndaşlarından və mülki ermənilərdən olacaq. Yevlaxda baş tutmalı olan görüşdə əli mülki azərbaycanlının qanına batmış hər hansı hərbiçi, terrorçu qruplaşma üzvlərindən söhbət gedə bilməz”.
Politoloq eyni zamanda qeyd edib ki, Yevlağın görüş məkanı kimi seçilməsində iqtisadi nüanslar da var.
“Azərbaycanın daxilindən keçən yolların Qarabağa istiqamətlənməsi və yüklərin daşınmasına bir növ bələdçilik edən bu yol Azərbaycanın içərisindən keçməlidir. Ermənistandan gələn deyil, Azərbaycanın daxilinə Azərbaycandan gedən mövqe üstünlüyünü göstərmək, təsdiq etmək niyyətini özündə ehtiva edir. Azərbaycanın baxışı qeyri-hərbi, mülki, humanitar baxışdır. Azərbaycan məsələyə insan haqları nöqteyi nəzərindən yanaşır və sülhə çağırış edir”.
Əziz Əlibəyli qarşı tərəfin seçim şansının qalmadığını, çağırışa müsbət cavab vermədikləri təqdirdə, bunun terrorçuları dəstəkləmək anlamına gələcəyini də vurğulayıb. Politoloq düşünür ki, mülki ermənilərdən bu görüş üçün Yevlax rayonuna üz tutanlar olacaq.