uşaqlarımız serebral iflic olduğundan Eşqinə uşaqların xatirinə evdə söz-söhbət salmamağı söyləyirdim. Ancaq Eşqin məni dinləmir, həyatından narazılıq edir, özünü öldürəcəyini deyirdi. Hətta qayınatam onu həkimə aparmaq istəyirdi. Eşqin həkimə getmirdi".
"Məni həyata qaytardılar"
Nərmin qeyd edib ki, 30 aprel 2021-ci ildə, saat 17 radələrində qayınatası Qədir və qayınanası Afaq evdən çıxaraq həkim arxasınca gediblər: "Onlar həkimi evə gətirərək Eşqini ona göstərmək istəyirdilər.
Körpə Mətini qucağımda saxladım, digər uşaqlarım - Afaq və Sərxan isə birinci mərtəbədə başqa otaqda oyun oynayırdılar. Eşqinin əmisi isə Afaqla Sərxanın yanında idi.
Qayınatamgil gedəndən 5 dəqiqə sonra Eşqin yenidən mənə bank hesabından pul çıxarıldığını bildirdi, mənimlə mübahisə etməyə başladı. Ona bu hərəkətlərdən əl çəkməyi, bank hesabına heç kimin müdaxilə etmədiyini dedim. Bu zaman Eşqin evdən həyətə çıxdı. Mən körpə uşağımı Eşqinin əmisinə verdim və Eşqinin arxasınca həyətə çıxdım. Onun mətbəxdən götürdüyü bıçaqla özünə, qarın nahiyəsinə zərbələr vurduğunu gördüm. Dərhal yaxınlaşaraq bıçağı əlindən almaq istədim. Yalvararaq uşaqlarımıza yazığı gəlməsini dedim.
Eşqin əsəbləşərək əvvəl mənim kürək nahiyəmdən bıçaqla vurdu. Daha sonra dayanmadan vurmağa başladı. Bir neçə bıçaq zərbəsi ilə xəsarət aldıqdan sonra yerə yıxıldım. Qayınanam və qayınatamın həyətə girdiyini gördüm. Huşum getdikdən sonra baş verənlərdən xəbərim olmayıb.
Bir müddət sonra anamın səsini eşitdim. Təcili yardım maşını gəldi, məni Lənkəran rayon xəstəxanasına apardı. Məndən əvvəl Eşqini qonşumuz Ruhin maşına mindirərək xəstəxanaya aparmışdı. Lənkəran rayon xəstəxanasında üzərimdə əməliyyat aparıldı və həkimlər məni həyata qaytardılar".
Zərərçəkmiş yekun olaraq qeyd edib ki, Eşqinin onu və özünü bıçaqla vurmasının səbəbini bilmir, lakin hadisədən əvvəlki günlərdə Eşqinin çox əsəbi olduğunu görüb.
Məhkəmənin hökmü ilə Eşqin 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bu hökmdən narazı qalan təqsirləndirilən, onun vəkili, həmçinin zərərçəkmiş ayrı-ayrılıqda apellyasiya şikayəti veriblər.
Təqsirləndirilən şəxs və onun vəkili hadisənin xəstəliklə bağlı törədildiyini qeyd ediblər. Vəkil müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.
Zərərçəkmiş Nərmin də şikayətində təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, onun barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə tərəflərin şikayətləri təmin olunmayıb.