"Narkomana 100 manat verib, efirə çıxardıb ondan həyat yolunu danışmasını tələb etmək narkotiklərə qarşı mübarizə yolu deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair tədbirlər planlarından danışarkən deyib. Direktor bu problemin həlli istiqamətində xüsusi platforması olduğunu vurğulayıb:
Amma bu gün mənim səsim çıxmır. Niyə? Narkodillerlər var, onlar məndən güclüdür. Səsim çıxsa, onlar məni aradan götürəcək. Amma nakotika və onun qarşısının alınması istiqamətində hər şeyi bilirəm. İstəlinən bir narkomanı efirə çıxartmaq maarifləndirmə yolu deyil. Həmin süjetə baxanların yüzdən biri bu yoldan çəkilə, ya yox. Bununla heç nə eləmək mümkin deyil. Narkomaniya bizim çox ağrılı yerimizdir. Bunun ağrılı olduğunu bəlkə də ona görə bilirəm ki, 20-25 ildir narkomaniya qarşı mübarizə ilə bir başa məşğul oluram. İstər fərdi, istər kollektiv rəhbəri, istərsə də rejissor olaraq. Bilirsiniz ki, mənim narkomaniya əlehinə sağlam həyatla bağlı hazırladığım tamaşa var. Bu tamaşa Avropa Şurasında keçirilən müsabiqədə qalıb olan tamaşalar sırasındadır. Amma çox təəssüf ki, son zamanlar faktiki narkomaniya ilə bağlı hər şeyi bilən, ondan çıxış yollarını aşağı-yuxarı araşdıran bir adamın əməyindən çox passiv istifadə edirlər. Narkomaniya ilə bağlı bir film də çəkmişəm- "Bəla”. Film-tamaşa janrındadır, internetdə ona milyondan çox baxış var. Çünki onu bədii film eləmək üçün bizim maddi imkanlarımız olmadı. Bu səbəbdən də ”Bəla”nı film-tamaşa janrında işləmək məcburiyyətində qaldıq.
Heç kəs narkoman övladını qeydiyyata salmaq istəmir
Bu gün narkomaniya bəlasına tutulanlarla bağlı statistik məlumatları dəqiq göstərmirlər. Sivil Avropa ölkələrində statistika komitələrinin verdiyi rəqəmləri 10-a vururlar. Bizim kimi ölkələrdə isə bu rəqəmi 15-ə vursan da, az edər. Niyə Azərbaycanda? Mən ölkəmizi təhqir etmək fikirində deyiləm, milli mentalitet deyilən bir şey var. Məsələn, kim yaxınlarından birinin narkotik istifadəçisi olduğunu bilsə, harasa məlumat verər? Ola bilsin ki, ictimai şəxs olsun və bu barədə məlumat versin. Həqiqətdə isə belədir, əgər birimizin qızı narkotik aludəçisidirsə dərhal onu ərə verib başımızdan etməyə cəhd edirik. Deyirik ki, ər evində düzələcək. Oğlumuz narkotik istifadə edirsə, onu dərhal evləndirəcəyik ki, başı qarışacaq və arvadı onun öhdəsindən gələcək. Uşağının narkotik aludəçisi olduğunu bilən valideyn onu döyməklə kifayətlənir və ən dəhşətlisi budur ki, heç bir ailə hüquq-mühafizə orqanlarının yardımından sitifadə eləmir. Niyə axı? Heç kəs narkoman övladını qeydiyyata salmaq istəmir. Bütün ailələrdə bu belədir: "Ayıbdır, ailəmizin adı batar, adımız-sanımız, əslimiz-nəslimiz var” deyib üstündən keçirik. Dəhşətli bir bəlanın evimizin içərisindəki şəxslərə ötürülməsinə imkan yaradırıq.
Bu, maarifləndirmə deyil, hədə-qorxu gəlməkdir
İnan ki, ölkə çox böyük fəlakət qarşısındadır. Bilirik ki, erməni düşməndir, bir güllədir onun canı. Düzdür, mən yaradıcı adam kimi insan ölümünün əlehinəyəm, düşünürəm ki, hansısa formada onu da tərbiyələndirmək lazımdır. Mübarizə ilk növbədə narkotik vasitələrə deyil, birinci növbədə cəhalətə qarşı aparılmalıdır. Bu mübarizəni isə dövlət, nazirlər səviyyəsində aparmaq qeyri-mümkündür, bütün ziyalılar qoşulmalıdır. Hər 5 ildən bir dövlət proqramı yenilənir. Narkotiklərlə bağlı olan bu proqram bütün nazirliklərə göndərilir. Ona görə ki, dövlət strukturları bununla məşğul olsunlar. Çox təəssüf ki, hər kəs işini onun qarşısına bir quş qoymaqla bitmiş hesab edilir. Məktəbə gedib bir videoçarx nümayiş etdirməklə narkomaniyaya qarşı mübarizə aparmaq olmaz. Bu, maarifləndirmə deyil, hədə-qorxu gəlməkdir. Hədə-qorxu ilə haqqa gəlmək mümkin deyil.
Narkotiklə mübarizədə böyük bir hərəkat yaradılmalıdır
Bütün məktəblərdə bu bəla ilə bağlı keçirilən tədbirlər eynidir. Şəxsi təşəbbüsümlə 7 il üzərimdə işləyib narkomaniya ilə bağlı bir mühazirə-təlim hazırlamışam. Onu bir neçə yerdə keçmişəm və bəzi qurumlara məlumat da vermişəm. Amma hələ susurlar, onlar mənim yetərincə təcrübəm olduğunu bilirlər. Məsələyə Azərbaycanda heç istifadə olunmayan formatda yanaşmışam. İstəyirəm deyəm ki, narkotiklə mübarizədə böyük bir hərəkat, qurum yaradılmalıdır. Narkomaniyaya qarşı mübarizə komissiyası mənim dostlarımdır, amma onların işini görə bilmirəm. Onlar bu mübarizəyə yenilik gətirə bilmirlər. Amma narkotika yenilənir, gəncləşir. Gəncləşdikcə də cəmiyyətə yeni fəlakət gətirir. Alıcıların sayını çoxaltmaq üçün narkotikanın qiymətini, dəyərini ucuzlaşdırmaq lazımdır. Bunu ucuzlaşdırmaq üçünsə onun tərkibini kümyalaşdırırlar, süniləşdirirlər.
Ziyalıların çoxu narkotikanı tanımır
Bu gün cəmiyyət dəhşətli bir bəla ilə üz-üzədir, təbii narkotikadan əsər-əlamət qalmayıb. Narkotiklər kimyalaşdığına görə ucuzlaşır. Bu səbəbdən də uşaqlar arasında geniş yayılır. Tərkibi təmiz olmadığına görə onun müalicəsi çətin olur, orqanizmi tez bir zamanda darmadağın edir. 7-8 dəfə istifadə edən şəxsin geri dönüşü yoxdur, artıq müalicə olunmur. Əslində narkotikanın müalicəsi yoxdur. Yüz nəfərdən biri müalicə olunar, ya yox. Kütləvi şəkildə onun mülaicəsi və qarşısının alınması üsulu olmalıdır. Narkotika nədir? Barmaqla toxundunsa, səni çəkib burulğana aparacaq. Özü də tək səni deyil, bütün ətrafını, ailəni, dostlarını, hətta həyat yoldaşını da. Fəlakətli bir durumdur. Amma aidiyyatı qurumlar dəhşətli fəlakətə barmaqarası yanaşırlar. Ziyalıların çoxu narkotikanı tanımır, "keçib gedər və bütün dünyada bu var da” deyib keçirlər. Hörmətli ziyalılar, elə deyi, sabahın cəmiyyətini düşünün…