Azərbaycanla işğalçı Ermənistan arasında vəziyyət yenidən gərginləşib. Buna səbəb həmişəki kimi ermənilərin təxribat xarakterli addımları və Azərbaycan ordusuna qarşı çirkin planlarıdır. Ermənilər bu gün yenidən səhər saatlarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Düşmən tərəfin təxribatları, Qarabağa silah-sursat daşınması ilə bağlı yayılan kadrlar və məlumatlar regionda yeni müharibənin başlayacağı ehtimalını ortaya qoyub.
Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov Referans.az-a açıqlamasında bildirib ki, hazırda müharibə şəratindəyik:
“Ermənistanla sülh müqaviləsi bağlanmayıb, hələ ki şərti sərhədlər tam olaraq müəyyən edilməyib və atəşkəsin də son zamanlar mütamadi olaraq tez-tez pozulması müharibənin davamı və müharibənin hər an alovlana biləcəyi anlamına gəlir. Yenidən müharibənin başlayacağını düşünmək üçün də kifayət qədər əsaslar var. Həmin əsaslar birinci növbədə Ermənistanın hərbi siyasi rəhbərliyinin tutduğu qeyri-konstruktiv mövqeyidir və burada münaqişəni yenidən alovlandırmaq istəyən qüvvəllərin xidmətindədir. Buna görə son zamanlar istər Dağlıq Qarabağda sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi ərazidə gedən proseslər, speretçıların açıq-aydın Azərbaycana qarşı əks mövqeyi, bütün bunlar onu göstərir ki, vəziyyət getdikcə gərginləşir və gündən-günə silahlı terrorçuların artırılması gec-tez Azərbaycanı antiterror əməliyyatı aparmağa məcbur edəcək”.
Polkovnik bildirib ki, hazırda sərhəddəki vəziyyət günü-gündən gərginləşir və atəşkəsin pozulmasının intensivləşməsi bu gün müharibəyə addım-addım gedən yoldur. Onun sözlərinə görə, Azərbaycan şərti sərhəddə bizim dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün hansısa əməliyyat aparması istisna olunmur: “Ən böyük ehtimal Dağlıq Qarabağda antiterror əməliyyatının aparılmasıdır. Ona görə ki, yaranmış vəziyyət, bu gün Ermənistanın ora olan təsiri və onlara himayədarlıq edən Rusiyanın Sülhməramlı qüvvələri məhz bu prosesi bu yerə gətirib çıxarıb. Azərbaycan baş verən bu təxribatlara daha çox dözməyəcək və belə olduğu halda Qarabağda qanunsuz silahlıları təksilah etmək məhz antiterror əməliyyatının aparılması ilə nəticələnə bilər”.
Şair Ramaldanov əlavə edib ki, müharibəyə gəldikdə isə, hələ də müharibə davam edir, sadəcə atəşkəs rejimidir, buna görə də müharibə ya aktiv fazaya keçə bilər ya da ki, atəşkəs rejimində davam edə bilər. 2020-ci ilin sentyabrında da belə vəziyyət idi. Atəşkəs tez-tez pozulurdu, təxribatlar törədilirdi və təxribatların birində Azərbaycan əks-hücum əməliyyatı keçirmək üçün əmr aldı. Bu təxribatların qarşısının sadəcə müharibə yolu ilə alınacağını düşünürəm.