Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün sabah Soçiyə gedəcək. Liderlər “Taxıl Dəhlizi Sazişi”nin gələcəyini müzakirə edəcəklər.
44gun.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Prezidentlərin Soçidəki görüşdə həm ikitərəfli, həm də regional məsələləri ətraflı müzakirə edəcəyi gözlənilir. Bununla belə, gündəmin ən mühüm məsələsi “Taxıl Dəhlizi” olacaq.
Xatırladaq ki, Ərdoğanın səfərindən əvvəl xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
İki liderin danışıqlarda məsələyə daha “strateji” prizmadan toxunacağı nəzərdə tutulur. Dünyanın maraqla gözlədiyi sammitdə Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli layihəsi də gündəmdə olacaq.
Ərdoğan və Putin Suriya və Ukrayna müharibəsi ilə bərabər regional məsələləri də müzakirə edəcəklər.
Xəbərdə həmçinin qeyd edilib ki, görüşdə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin də danışılması gözlənilir.