Xəbər verdiyimiz kimi, taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq edilə bilər.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu günlərdə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, taksi sifarişi operatorları tərəfindən "Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilmiş tələblərin pozulması hallarına, o cümlədən icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər on min beş yüz manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Eyni zamanda layihəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.
Bu qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Məcəlləyə edilən dəyişikliyi şərh edən nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a deyib ki, qanunvericiliyə edilən dəyişikliklər bu sahədə nizam-intizamın yaradılmasına yönəlib. Əvvəllər bu sahədə hər hansı addımlar atıldıqda hüquqi boşluqlar ortaya çıxırdı:
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində verdiyi təkliflər əsasında Milli Məclisdə bu məsələlər müzakirə olundu. Bundan sonra artıq müsbət yöndə müəyyən dəyişikliklərin şahidi oluruq. Çünki hüquqi baza olanda problemləri həll etmək mümkündür: “Dəyişikliyə əsasən, taksi sifarişi operatorları tələbləri pozduqda 20 min manat, icazəsiz fəaliyyətə görə 40 min manat cərimələnəcək. Operatorlar iyirmi min cəriməni ödəməkdənsə, fəaliyyət göstərmək üçün üç min manat rüsumu ödəməyi üstün tutacaqlar”.