Şəmkir rayonunda 1983-cü il təvəllüdlü Arif ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Faziləni (adlar şərti verilib – red.) öldürüb.
Hadisə 7 dekabr 2022-ci ildə Şəmkir rayonunun kəndində baş verib.
Kənd sakini Arif arvadı ilə evin təmiri ilə bağlı mübahisə edib. Arvadının saymazyana münasibət göstərməsindən, tövlənin qarşısından evə gedib, yatdıqları otağın qapısını möhkəm örtməsindən sonra onun arxasınca gedib. Ər-arvad yataq otağında mübahisəni davam etdirib.
Arif Fazilənin mütəmadi olaraq ailədaxili münaqişə yaratmasından hiddətlənib. O, mətbəx bıçağı ilə Fazilənin müxtəlif nahiyələrinə zərbələr vurub. Qadın aldığı zərbələrin təsirindən vəfat edib.
“Rədd etmişəm”
İstintaq orqanı tərəfindən Arifin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2008-ci ildə doğma xalası qızı Fazilə ilə ailə həyatı qurub və bu evlilikdən 3 övladı dünyaya gəlib:
“Evləndikdən sonra arvadımla münasibətlərimiz daim gərgin olurdu, xasiyyətlərimiz uyğun gəlmirdi. Biz sevərək ailə qurmamışıq, böyüklərin məsləhətilə evlənmişik. Fazilənin anası Sevil xala daim qızına ayrı yaşamağı məsləhət bilirdi. Mən isə bu barədə deyilənləri qəbul etmirdim, valideynlərimdən ayrı yaşamağı rədd edirdim”.
“Bu məni daha da qıcıqlandırdı”
Arif qeyd edib ki, 2021-ci ilin dekabrın 18-də arvadı və uşaqları valideynlərindən ayrılaraq eyni evin daxilində ayrı yaşamağa başlayıblar: “Bizə ayrı otaq və ayrı mətbəx verildi. Bundan sonra mən və arvadım valideynlərimin heç bir işinə qarışmasaq da, Fazilənin anamla münasibətləri yaxşı deyildi. Valideynlərim də bizim işimizə müdaxilə etmirdilər. Bununla belə, maddi cəhətdən bizə köməklik göstərirdilər.
Hadisə olan gün, yəni dekabrın 7-də, saat təxminən 12.30-da kənddə yerləşən çayxanadan evə gəldim. Evə gəlməzdən əvvəl qayınanam mənə zəng etdi. Dedi ki, sizin evinizdən gəlirəm, qızım Fazilənin böyrəkləri ağıyır, yerdə yata bilmir, bizdən kömək istədi. Sən usta tap, otağın “deespe” hissəsini geri çək, otaq genişlənsin, qızım yerdə yatmasın, çarpayı əlavə edək, ustaya çəkilən xərci özümüz ödəyəcəyik.
Mən xalama bu işləri yazqabağı görə biləcəyimi və atamla məsləhətdən sonra qərar verəcəyimi bildirdim.
Evə gəldikdə tövlənin qarşısında Faziləyə anası ilə müzakirə apardığı üçün iradımı bildirdim. Fazilə anasının arxasına söylənərək onu günahlandırdı. Uca səslə söyləndiyi üçün ona təpindim, “bir az asta danış”, söylədim.
Fazilə mənə qulaq asmadı, mən də özümdən çıxdım. Fazilə məni təhqir etmədi, anasının arxasınca danışdı. Mən isə Faziləyə “sənə tərbiyə verən valideynlərinin var yoxu...”, - deyə nalayiq ifadələr işlətdim. Fazilə mənə cavab qaytarmadı, etirazını da bildirmədi. Bu məni daha da qıcıqlandırdı”.
“Bu evin kişisi sənsən, yoxsa mən?..”
Arif deyib ki, Faziləni söydükcə heç bir şey demir, ona saymazyana münasibət göstərirmiş: “Sanki məni saymayırdı. Bundan sonra Fazilə yataq otağına tərəf getdi. Mən isə tövlənin damına çıxaraq inəklərə ot presi düşürdüm. Bu vaxt Fazilə yataq otağının qapısını bərk çırpdı. Mən açıq-aşkar bunu eşitdim. Fazilənin arxasınca getdim. Ondan “qapını niyə bərk çırpırsan, bu evin kişisi sənsən, yoxsa mənəm”, - dedim.
Fazilə yendə saymazlıq edərək mənə cavab vermədi. Qızımıza bişirdiyi yeməyi qazandan çəkməyə başladı. Boşqabı Fazilənin əlindən aldım və mənə cavab verməsini tələb etdim. O, əsəbi şəkildə üzümə baxaraq heç bir cavab vermədi.
Fazilənin əlindən tutaraq anamgilin otağına apardım. Qızım isə otaqda qaldı. Otağın qapısını örtdüm, arvadımla aramızda olan mübahisəni qızımın görməsini istəmədim. Hadisə baş verən otaqla qızım olan otağın arasında 4-5 metr məsafə var Valideynlərim olan otaqda olan səs-küy qızımın olduğu otaqda eşidilməyib”.
“Bəsdir, məni cana doydurmusan”
Təqsirləndirilən şəxs bildirib ki, anası ayaq üstə stolun ətrafında dayanıb: “Mən anama “Fazilə qapını bərk örtdümü?” deyə sual verdim. Anam isə “boş verin, dalaşmayın, hər belə şeydən ötrü dava etməyə dəyməz” dedi, məni sakitləşdirməyə çalışdı. Həmin vaxt atam evdə deyildi.
Mən əsəbi halda Faziləyə tərəf getdim. Ona dedim ki, hər şeyi belə edirsən, amma danırsan. Fazilə səhvini boynuna almadı. Bu isə məni özümdən çıxardı. Əsəbimdən sağ əlimlə arvadımı qapıya tərəf itələdim. Arvadıma “səni mənə məsləhət görənin, atanın, ananın var yoxunu... niyə belə xasiyyətdəsən”, - deyə nalayiq ifadə işlətdim.
Bu zaman Fazilə coşdu. Otaqda stolun üstündə olan bıçağı götürdü və mənə doğru hərəkət etdi. Bıçağı sağ əlində sinəsinə dirədi, “bəsdir, məni cana doydurmusan” – deyə qışqırdı. Anam bizə mane olmağa çalışdı.
Anam elə bildi ki, Faziləyə şillə vuracam. Onun əlində olan bıçağı aldım və əsəbi vəziyyətdə döş qəfəsi nahiyəsinə 2 ardıcıl xəsarət yetirdim”.
“Yolda ağladım”
Təqsirləndirilən şəxs deyib ki, Faziləni bıçaqla öldürmək niyyəti olmayıb: “Mən Faziləyə xəsarətlər yetirdikdən sonra o, çölə qaçdı. Mən də arxasınca qaçdım. Anam da dalımca gəldi.
Xəstəxanaya çatdırmaq üçün Faziləni götürməyə çalışdım. Anamla birlikdə onu götürə bilmədik. Otağa getdim, maşının açarını götürərək geri qayıtdım. Həmin vaxt atam içəri daxil oldu. Fazilənin qana bulaşmış, huşsuz vəziyyətdə yerə yıxıldığını gördü. Atam kənddə çay evindən nahara gəlmişdi. Heç bir sorğu-sualsız mənə köməklik etdi, Faziləni avtomobilə arxa oturacağa əyləşdirdi.
Evdə qohum və ya qonşu yox idi. Qızım da anasını bu vəziyyətdə görmədi. Atam açarı məndən aldı və avtomobili özü idarə edəcəyini bildirdi.
Arvadıma qarşı törətdiyim əmələ görə ağladım. Bütün bunlardan sonra atamla birlikdə arvadımı Şəmkir rayon Mərkəzi Xəstəxanasına gətirdik. Yol boyunca əynimdə olan jaketlə arvadımın qanlı vəziyyətdə olan sinə nahiyəsinə basmışdım. Məqsədim qanı kəsmək idi.
Həmin jaket sonradan avtomobilin arxa oturacağında qaldı. Yol boyu atamla heç bir söhbət etmədik. Atam sadəcə ağladı və məni törətdiyim əmələ görə danladı.
Xəstəxanaya çatanda Fazilə artıq ölmüşdü. Bundan sonra hüquq mühafizə orqanlarının əməkdaşları xəstəxanaya gəldilər. Məni şöbəyə apardılar”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Arif 11 il müddətinə azadlıqdan məhrum edilib. (Teleqraf.com)