27 yanvarda Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Aralıq kəndindəki evinə basqın edərək axtarış apardığı iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a kənd sakinləri məlumat verib.
Axtarış nəticəsində onun evində xeyli silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir.
Saxlananlardan biri - Rövşən Talıbovun isə Vasif Talıbovun əmisi nəvəsi olduğu deyilir.
Məlumata görə, saxlanılan digər mühafizəçi Həsənqulu Novruzov rayonun Siyaqut kənd sakinidir.
Kənd sakinləri bildirib ki, polis Talıbovların yaşadığı evə qəfil basqın edib:
“Kəndin giriş-çıxışı bir neçə saatlıq bağlandı. Xeyli sayda polis əməkdaşı həyətə basqın etdi. Mühafizəçilərə göz açmağa imkan verməyiblər. Vasif müəllim də evdə olub. Polislər evdə silah axtarırmışlar. Deyilənə görə, evdən xeyli sayda müxtəlif kalibrli vinçestr silahları çıxıb. Onun mühafizəçilərinin silah gəzdirdiyini bilirdik. Ancaq evdə də silah olmasından xəbərdar deyildik. Həbs olunan mühafizəçilərin biri, Vasif müəllimin əmisi oğlu Abdullanın oğludur. O, həmin evi uzun illərdir ki, mühafizə edirdi. Vasif Talıbov istefa verəndən sonra ailəsi ilə kəndə köçdü, əlavə mühafizəçilər də götürdü. Hazırda evin həyətinə giriş-çıxış da bağlanılıb”.
Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur sakinləri Rövşən Talıbov və Həsənqulu Novruzovda qanunsuz silah aşkarlandığını təsdiq etsələr də, əlavə məlumat vermək istəməyiblər.
Qeyd edilib ki, Vasif Talıbov istefa verdikdən sonra, doğulduğu Aralıq kəndinə köçərək, ailəsi ilə birlikdə həmin evdə yaşayır.