Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir vəzifəli şəxs intim görüntüləri ilə şantaj olunur.
Ucar rayonu, Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov xüsusi proqram vasitəsilə intim xarakterli davranışlara sövq edilib və həmin görüntülər paylaşılıb.
Bu hadisə kənd camaatının ciddi narazılığına səbəb olub. Artıq neçə gündür ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edir. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib.
Bildirib ki, işdən çıxarılması üçün artıq ərizə yazıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov Bakupost.az -a açıqlamasında bildirib ki, daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb:
"Ucar rayon sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu ölkə hüdudlarından kənarda yaşayan bir şəxs tərəfindən şərəf və ləyaqətinin alçaldılması barədə məlumat verib.
Daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və qeyd olunan məsələ ilə bağlı O.Rəhimova məhkəməyə müraciət etməsi izah olunub".