Uzun illərdir ki, Azərbaycanda dəbdəbəli toy mərasimlərinin ifrat həddə çatmasından danışılır.
Pandemiya zamanı 1 ildən çox davam edən toy və yas qadağalarından, bu müddətdə düzənlənən kiçik məclislərin ənənəyə çevriləcəyinə dair gözləntilər vardı.
Lakin qadağalar aradan qalxan kimi yenidən 500-700, hətta 1000 nəfər qonaqdan ibarət məclislər geri qayıtdı.
44GÜN.AZ xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev müasir dövrün məclislərini toy hesab etmədiyini bildirib:
"Hazırki dövrdə heç kəs toy etmir, hamı yolçuluq edir. əvvəllər toylar belə olmayıb, 80, maksimum 100 nəfər yaxın ətrafı ilə insanlar məclisini edib. Biz o vaxt getdiyimiz toylar bu cür idi, Akif İslamzadə ilə məclis aparırıdıq, heç vaxt 500-700 adamlıq toy görməmişik.
Toyda adam az idi deyən müğənninin oxuduğu da başa düşülürdü, ağız deyəni qulaq eşidirdi, akustika yaxşı idi, insanlar keyfiyyətli musiqi dinləyirdilər. Toyda adam çox olanda məclis bazara dönür. Bugünkü məclislərə gedəndə elə bilirsən ki. Şərq bazarına girmisən, hay-küydən oturmaq olmur, qadınlar o tərəfdə qışqırır, uşaqlar bu tərəfdə ağlayır. Bu toy deyil, dəlixanadır.
Müğənni məclisdə nə oxuyur heç başa düşmək olmur, bilmirsən oxuyan səni söyür, yoxsa öyür. İnsanlar sanki başlarını itiriblər, toyu qazanc yerinə çeviriblər".
O, qonaq sayı çox olan toy məclislərini bəyənmədiyini bildirib və bu cür toy sahiblərini tənqid atəşinə tutub:
"Elə bilirsən ki, mal-qaranı bir tövləyə yığmısan. Məclisə girib görürsən ki, gəlin ayaqqabılarını çıxarıb "Hop-stop" oynayır. Görün hansı dövrə gəlib çıxmışıq. Biz görmüşük ki, gəlin ata evindən ağlaya-ağlaya çıxar, bir evdən digərinə səadət aparar.
Bu gün insanlar toyun üstündən tamamilə xətt çəkiblər, əsas fikirləri odur ki, daha çox pul yığsınlar. Hətta bəzən pulu da yığa bilməyib şadlıq sarayına borclu qalırlar. Vacibdi bu cür toy etmək?! Toyda yaxın adamlar olmalıdır, hər salam verdiyin şəxsi toya çağırmaq olmaz. Elə bil bazara gəlirlər alver etməyə.
Toyxanalar elə bil Sədərək, Binə bazarıdır. Mən başımdan böyük danışmaq istəmirəm, amma inanın ki, xalqın böyük əksəriyyətinin başı itib, ağlı gedib. Hamı bir-biri ilə bəhsə girir, qonşusunun acığına daha böyük məclis verir. Çağırırlar 800 nəfər adamı, onun da 200-ü heç gəlmir, ev yiyəsi düşür ziyana. Ay bədbəxt adam, niyə belə edirsən? Toyunun sonu da olur dava-dalaş, qırğın, ağlaşma, bəylə-gəlini də girov saxlayırlar ki, get pulu tap gətir. Belə toy olur?! Mən belə məclisi toy yox, yolçuluq, qaraçılıq adlandırıram".