Bakıda uşaqlar üçün olan motosikletlə avtomobil yoluna çıxan azyaşlı maraqlı anlar yaşadıb.
Söhbət Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsindən gedir. Belə ki, sözügedən ünvanda çəkilən videoda təxminən 5-6 yaşlarında uşaq avtomobillərin sıx hərəkət etdiyi yolda motosiklet sürdüyü görünür.
Bunu görən yaşlı kişi uşağı yoldan çıxarmağa çalışsa da, mümkün olmur. Maraqlı məqam isə digər hərəkət iştirakçılarının ara məsafəsini qorumaqla yola davam etməsi və bu vəziyyəti normal hal kimi qəbul etmələridir.
Uşağın valideyninin yaxınlıqda olması, videonun hər hansı sosial eksperiment üçün hazırlanıb-hazırlanmadığı məlum deyil.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli qeyd edib ki, günah bu uşağın “ağıllı” valideynlərindədir:
“Bu mənzərə nə ağıla, nə məntiqə, mədəniyyətə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə də çətinlik çəkirsən. Qanunlar, qaydalar insanların hüquqlarının qorunması, onların həyat və sağlamlığının təhlükəsizliyinə təminat verilməsi üçündür. Əgər kimsə nəinki özünü, dünyadan xəbərsiz azyaşlı körpəsini belə düşünmürsə, bu, artıq faciədir. Təbii ki, bu hərəkətə hüquq-mühafizə orqanları tərəfindən səlahiyyətimiz çərçivəsində hüquqi qiymət veriləcək. Amma mənəvi qiyməti isə cəmiyyət formalaşdıracaq”.