“Kipriklərini yuxarı qaldırmaqla, estetik əməliyyat etdirməklə imic olmur, o sənin...”
“Hər ilimiz uğurlu, düşərli olsun. Mənə elə gəlir ki, torpaqlarımızın işğaldan azad olunması ilə hər bir azərbaycanlının ən böyük arzusu həyata keçib. Həyata keçməyən isə sadəcə kiçik arzularımızdır. Bu bizim sənətimizlə də bağlı ola bilər, şəxsi işlərimizlə də. Mən hər ildən yeganə bir şey istəyirəm. O da özümə, yaxınlarıma, sevənlərimə can sağlığı və rifahdır. İnanın ki, can sağlığı olmayan yerdə heç nədən danışmaq, heç nə ilə şadlanmaq olmaz. Ətrafımızda yaxşı, güvənli insanların olmasını arzulayıram. O ki, qaldı mənə... Bütün həyatımı sevənlərimə, ailəmə-oğluma, nəvələrimə həsr etmişəm. Oxumağım da, bütün yaşantım da onlar üçündür. Mən hər zaman onlar üçün yaşamışam. İnşallah ki, yeni-yeni mahnılarımla, işlərimlə, layihələrimlə tamaşaçılarımı, sevənlərimi ürəkdən sevindirəcəm”.
44GUN.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Nisə Qasımova deyib. Xalq artisti birincilik iddiasında olan həmkarlarından da danışıb.
“Bu gün gözəl ifaçılarımız az deyil. Həm muğam, həm də estrada sahəsində yetişirlər. Hər kəsə biz pis deyə bilmərik. Hamının səhvi, günahları var. Xalqın gözü tərəzidir. Xalq bilir ki, sən birincisən yoxsa 2-ci. Şəxsən mən heç vaxt birinci olmaq istəməmişəm. Mənim üçün əsas atamın, anamın mənə verdiyi adı, dövlətimin mənə verdiyi titulu, xalqın bəxş etdiyi sevgini doğrultmaq vacib olub. Hər zaman Allaha yalvarmışam ki, insanların mənə olan hörmətini əlimdən alma. Hər şeyi pulla almaq olar. Amma sevgini, hörməti, rəğbəti almaq olmaz. Bəzən həyat insanı çox şeyə məcbur edir. Elə addımlar ata bilərsən ki, bağlı qapıların açılar, elə addım da ola bilər ki, atasan qapın ümumiyyətlə bağlı qalar. Həyat insanı elə yerə sürükləyir ki, fikirləşirsən, indiki ağlım olsaydı bu addımı atmazdım. O qədər haqsızlıqlar görmüşəm ki. O illərdə elə kədərli həyatım var idi ki. 1972-ci ildən, sənətə gəldiyim ilk günlərdən həyatımı alt-üst etmək istəyənlər var idi. Bütün mənə olunan təzyiqlərə susdum, onlara cavab vermədim. Mahnılarımla, oxuduğum əsərlərlə onlara bir növ cavab verdim” deyə sənətkar bildirib.
Nisə Qasımova insanların vəziyyətdən asılı olaraq xasiyyətlərini dəyişməsini sərt tənqid edib.
“İnsanlar çox dəyişiblər. Bəzən kiminsə puluna, xasiyyətinə görə xasiyyətlərini, xarakterlərini dəyişirlər. İnsanın xasiyyəti sənətə, vəzifəyə, peşəyə görə dəyişilməməlidir. Nə qədər yemək yesən də, bir gün doyacaqsan. O qədər milyonlarını bir gündə itirən milyonçular olub ki. Sakit, sadə bir ömür yaşasam məni heç nə qorxutmayacaq” deyə müğənni bildirib.
Sənətkar bildirib ki, zaman-zaman bəzi sözlərin mənası da dəyişib.
“Heç vaxt sənətkar sözündən xoşum gəlməyib, yəqin ki, heç vaxt da gəlməyəcək. Sənət adamı tamaşaçıdan bir pillə hündürdə dayanırsa, o demək deyil ki, sənətkardır! Həmin müğənnilər oxumağı, davranışı, hərəkəti ilə tamaşaçılara nümunə, örnək olmalıdırlar. Mən yeniliyi, novatorluğu xoşlayıram. Son zamanlar kreativ sözü yaman dəbdədir. İmic sözü dəbə mindi, elə bildilər ki, kipriklərini, saçlarını yuxarı qaldırmaqla, bədən nahiyələrində hansısa əməliyyat keçirməklə bu imic olur. Əslində imic obraz deməkdir. Bir insanın həyatdakı, səhnədəki obrazı. Hər bir musiqiçi, bəstəkar, müğənni sənətə yenilik gətirməyə çalışır. Estradada bir çox yeniliklərə məhz mən imza atmışam. Restoranda ilk çıxışları mən təqdim etmişəm, ilk mühafizə məndə olub. Amma yenə də özümə “mən böyük sənətkaram” deyə bilmərəm” deyə sənətkar bildirib.