Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə və 27 milyon manat büdcə vəsaitini mənimsəmə, rüşvət almada təqsirləndirilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Proses zamanı məlum olub ki, cinayət işi üzrə dəymiş 20 milyon manatlıq ziyan keçmiş nazir tərəfindən tam ödənilib. Hakim bildirib ki, ittiham aktında göstərilən 27 milyon manatdan 7 milyonu mənimsəmə epizodu ilə bağlıdır və bununla bağlı ayrıca cinayət işi başlanıb.
Araşdırma zamanı məlum olub ki, nazirliyin bir sıra əməkdaşları və işdə adıçəkilən tenderlərin qalibi olmuş şirkət rəhbərləri dövlət vəsaitinin israf edilməsinə səbəb olan qanunsuz hərəkətlərə yol veriblər. Yəni yerdə qalan yeddi milyonu onlar ödəməlidir.
Hakim bildirib ki, yuxarıda göstərilən şəxslər artıq 1 milyon manatı qaytarıb, yerdə qalan vəsaitin ödənilməsi prosesi davam edir.
Məhkəmə prosesi yanvarın 23-də davam etdiriləcək.
Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Müslümov 2022-ci ilin mayında səhhətinə görə ev dustaqlığına buraxılıb. Sabiq nazir 13 milyon manat rüşvət almaqda və 14 milyon manat mənimsəməkdə ittiham olunur. Maliyyə Nazirliyi cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb./“Azeri Daily”/