Xalq artisti, Prezident Təqaüdçüsü Zemfira Nərimanovanın qolu sınıb.
44GÜN.AZ lent.az-a istinadən xəbər verir ki, Aktrisa bildirib ki, yanvarın 28-də çiyin sümüyünün bağı qırılsa da, həkimə getməyib: “Ağrıya dözümlüyəm, həkimə getmirdim, amma gördüm ağrı keçmir, müraciət etməli oldum. Həkim deyir “gips qoyulmalıdır”, amma mən bir yerdə dayanan adam deyiləm axı. Ona görə qoymadım. Qolumu hərəkət etdirməyə çətinlik çəkirəm. İnanın, qolum sağlam olsaydı, mütləq Türkiyəyə zəlzələdən əziyyət çəkən insanlara kömək üçün gedərdim. Dağıntılar altından çıxarılan hər insana sevinirəm, hər ölüm məni yandırır. Elə bilirəm, öz qanımdan, canımdan biridir, əzizimdir tapılanlar. Qardaş xalqdır, qan bağımız var, bütün bunlar insanı çox incidir”, - deyə aktrisa bildirib.
Xalq artisti qeyd edib ki, zəlzələ insanlara dərs verməlidir: “Zəlzələ əslində bütün insanlara insanlıq dərsi verməlidir. Heç kim özü ilə heç nə aparmır, bizə qalan etdiyimiz əməllərdir. İnsan insana lazımdır. Bunu zəlzələdə gördük, hətta düşmənlər belə yardıma gəldi, insanların birləşməsi, bütövlüyü. Bi -birlərinə göstərdiyi mərhəmət, sevgi məni riqqətə gətirir. Azərbaycanlıların göstərdiyi köməyə çox sevindim.Özüm də əlindən gələni etdim".
"Zəlzələ baş verən kimi Adanada yaşayan sənət dostum Cahangir Novruzova zəng etdim. Nə biləydim, günorta ikinci zəlzələ olacaq. Dedi nəvəmlə oturmuşuq evdə. Dedim, Cahangir, sən stress keçirmə, evdən çıxma, nə biləydim ikinci zəlzələ olacaq, evlər yerlə-yeksan olacaq. Nə yaxşı ki, məni dinləməyib. Çox pis olardım. Allah qorusun ordakı insanların hamısını. Dualarım onlarladır”,- deyə Xalq artisti qeyd edib.