Ən çox verilən suallar

Sual:Təkrar xidmətə qəbul olmaq üçün hara müraciət edə bilərəm

Cavab: Müraciət etmək istəyən namizəd Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytının (mod.gov.az) “Təkrar hərbi xidmətə qəbul” bölməsindən elektron sənəd qəbulu portalına keçid etməlidir (ilkin xidmətə qəbul istisna olmaqla).

Sual: Təkrar xidmətə qəbul üçün hansı sənədlər tələb olunur?

Cavab: “Təkrar xidmətə qəbul” elektron portalında sənədlər menyusuna keçid edərək “Qəbul Qaydaları” bölməsindən tanış ola bilərsiniz

Sual: Təkrar xidmətə qəbul olmağa yaş həddi neçədir?

Cavab: Təkrar xidmətə qəbul olmağa yaş həddi aşağıdakılardır:

 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:

36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

Sual: Hərbi vəzifəlilərin təkrar həqiqi hərbi xidmətə qəbul edilmələrinə hansı hallarda imtina edilir?

Cavab:  Azərbaycan Respublikası Nazirlər kabinetinin 21 nömrəli qərarına əsasən:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  327-353-cü maddələrinə (Hərbi xidmət əleyhinə olan cinayətlər) əsasən cinayət məsuliyyətinə cəlb olunanlar;

İkili vətəndaşlığı və ya digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

Məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır cinayət törətdikdə;

 “Hərbi Xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən:

 - 158-ci maddəyə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçular:

- 157-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçular:

-156-cı maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılanlar.

   b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar (ehtiyatda olduğu zaman yüksək rütbə alanlar istisna olunmaqla).
     v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; 

   ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiklərinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar.

 Sual: Hərbi vəzifəlilərin təkrar həqiqi hərbi xidmətə qəbul edilmələrinə imtina edilən istisna hallar hansılardır?

  1. Cavab: Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-ci maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar (ehtiyata göndərilmə səbəbi araşdırılaraq qeyd edilən maddə ilə ehtiyata göndərilməsi səbəbi əsasız olması müəyyən edilənlər istisna olunmaqla).
  2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edilməklə) və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 50-ci maddəsinin “z” bəndinə müvafiq olaraq, ehtiyata buraxılanlar (ehtiyata göndərilmə səbəbi araşdırılaraq qeyd edilən maddə ilə ehtiyata göndərilməsi səbəbi əsasız olması müəyyən edilənlər istisna olunmaqla).

Hərbi-həkim komissiyası tərəfindən keçirilən tibbi şəhadətləndirmənin nəticəsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edildikdə;  

  1. Peşə psixoloji seçim komissiyası tərəfindən məqsədəuyğun hesab edilmədikdə.
  2. Öyrənilmə tədbirləri keçirilən zaman həqiqi hərbi xidmətə qəbula mane olan digər hallar müəyyən edildikdə.
  3. Xüsusi yoxlamanın nəticəsinə görə həqiqi hərbi xidmətə qəbul edilməsi məqsədəuyğun hesab edilmədikdə.
  4. Müdafiə Nazirliyinin  Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində narkotik və psixotrop maddələrdən istifadə edib-etməməsinin müəyyənləşdirilməsi zamanı tibbi ekspertizanın nəticələrində narkotik və psixotrop maddələrdən istifadə aşkar olunduqda.
  5. Sonuncu xidmət yeri tərəfindən mənfi xarakterizə edildikdə.

 Sual: Digər qoşun növündən ehtiyata buraxılmışam, Azərbaycan Ordusunda təkrar hərbi xidmətə necə qəbul ola bilrəm?

Cavab: Yuxarıda göstərilən təkrar həqiqi hərbi xidmətə qəbul olunmaq üçün imtina və  istisna edilən hallar nəzərə alınmaqla müraciət edə bilərsiniz.

Sual: Qadınların həqiqi hərbi xidmətə qəbulu hansı qaydada həyata keçirilir?

Cavab: Qadınların təyin ediləcəyi vakant vəzifələr olmadığına görə qadınların həqiqi hərbi xidmətə qəbulu müvəqqəti olaraq dayandırılmışdır.